XƏBƏRLƏRİN 2019 arxivləri
az / ru / en

12 Noyabr 2019

AKADEMİK ARİF HƏŞİMOVUN 70 İLLİK YUBİLEYİ QEYD OLUNUB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda akademik Arif Həşimovun 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun direktoru, akademik Nazim Məmmədov açıb. N. Məmmədov qeyd edib ki, müstəqillik illərinin ilk vaxtlarında Fizika İnstitutunun dirçəlməsində Arif Həşimovun böyük xidmətləri olub. O, İnstitutun hazırda dünya elmində qazandığı yüksək statusunun əsasını, məhz, A.Həşimovun rəhbərliyi illərində qoyulduğunu vurğulayıb. Bildirib ki, hazırda İnstitutun rəsmi hirş indeksi 100-ə çatıb. Bu o deməkdir ki, İnstitut yüksəliş yolu ilə gedir. Akademik A.Həşimovun elektrofizika sahəsində elmi-tədqiqat işlərinə təkan verməklə yanaşı, həm də İnstitutda aparılan bütün elm sahələrinin inkişafında böyük rolu olduğunu vurğulayıb. Yubiley tədbiri İnstitutun elmi işlər üzrə direktor müavini, akademik C. Abdinovun çıxışı ilə davam edib. O, akademikin həyat və elmi fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Bildirib ki, A.Həşimov sentyabrın 28-i 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. A. Həşimovun 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) energetika fakültəsini bitirdiyini, 1980-cı ildə fəlsəfə, 1993-cü ildə doktorluq dissertasiyasını müdafiə etdiyini vurğulayıb. A. Həşimov 2007-ci ildə AMEA-nın akademiki seçilib. Akademik C.Abdinov qeyd edib ki, alim 2002-2009-cu illərdə Fizika İnstitutunun direktoru vəzifəsində çalışıb. Akademikin 2009-cu ildən Fizika İnstitutunda “Yüksək gərginliklər fizikası və texnikası” laboratoriyasının rəhbərlik etdiyini bildirib. Akademik A. Həşimov 2007-2013-cü illərdə AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edib. C. Abdinov qeyd edib ki, alim hazırda Energetika İnstitutunun direktoru, “Azərenerji” ASC-nin müşaviri, Texniki Şuranın üzvüdür. Onun tədqiqat fəaliyyətinin əsas istiqamətinin energetikanın fiziki-texniki problemləridir.
Tədbir Bakı Dövlət Universitetinin yarımkeçiricilər fizikası kafedrasının professoru, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müidiri, fizika-riyaziyyat elmləri Adilə Abasovanın çıxışı ilə davam edib. A.Abasova doğma hesab etdiyi Fizika İnstitutunda akademik Arif Həşimovun yubileyində iştirakdan məmnun olduğunu vurğulayıb. Bildirib ki, fizika elmi təbiət elmlərinin tacıdır. Bütün elmlərin fizika elmi ilə bağlılığı vardır. A.Abasova yubilyar haqqında xoş sözlərini bölüşüb. O, akademikin Fizika İnstitutuna rəhbərliyi dövrdə gördüyü işlərdən, gənclər üçün yaratdığı şəraitdən bəhs edib. İnstitutun “Qeyri-kristallik yarımkeçiricilərin fizikası” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva da yubilyarı təbrik edib. Bildirib ki, A.Həşimov 2003-cü ildə müəllimi Çingiz Cuvarlının xatirəsinə həsr olunmuş “Energetikanın fiziki-texniki problemləri” mövzusunda beynəlxalq konfrasın keçirilməsində əsas təşəbbüskarlardan olub və həmin konfrans dünyanın müxtəlif ölkələrində 16 ildir ki, keçirilir. O, Arif Həşimovun qayğıkeş, xeyirxah bir alim olduğunu qeyd edib. Tədbirdə İnstitutun İnnovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, fizika üzrə fəlsəfə doktoru Kamil Qurbanov elmi məruzələrlə çıxış ediblər. Tədbirin sonunda akademik Arif Həşimov çıxış edərək keçmiş müəllimlərinə, habelə, tədbiri təşkil etdiyinə görə Fizika İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib.

04 Octyabr 2019

Hörmətli həmkarlar, müəlliflər və "AJP Fizika" jurnalının oxucuları
Published a printed version of the third issue of the magazine "AJP Fizika", 2019


23 Fevral 2019

AZƏRBAYCANIN TANINMIŞ ALİMİNİN ƏZİZ XATİRƏSİNƏ

Azərbaycan elmi ictimayyətinə ağır itki üzv vermişdir. 22 fevral 2019-cu il tarixində nəzəri və yüksək enerjilər fizikası sahəsində tanınmış alim, elm təşkilatçısı, AMEA Fizika İnstitutunun Yüksək enerjilər fizikası labotaroriyasının rəhbəri, fizika-riyaziyyat elmləri namizədi Fərhad Teymur oğlu Xəlilzadə 69 yaşında Bakı şəhərində vəfat etmişdir. Fərhad Xəlilzadə 28 avqust 1950-ci ildə Baki şəhərində anadan olmuşdur. 1972-ci ildə BDU-nin fizika fakültəsini bitirmiş və həmin ildən də elmi fəaliyyətini AMEA Fizika İnstitutu ilə bağlamışdır. Fərhad Xəlilzadə 1980-cı ildə AMEA müxbir üzvü İsgəndər Cəfərovun rəhbərliyi altında “Leptonların kalibrlənmiş SU(2)xU(1)xU'(1)–modelləri və neytral zəif cərəyanlar” adlı dissertasiya işini uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Fərhad Xəlilzadə AMEA Fizika İnstitutunda işlədiyi 47 il ərzində kiçik elmi işçidən laboratoriya rəhbəri vəzifəsinədək şərəfli yol keçmişdir. Fərhad Xəlilzadə müxtəlif vaxtlarda Yüksək Enerjilər Fizikası İnstitutu (Protvino, Russiya), Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna, Russiya), Ankara Universiteti (Ankara, Turkiyə), Avropa Nüvə Tədqiqatları Təşkilatı (Cenevrə, İsveçrə) və digər mötəbər təşkilatlarda Azərbaycan elmini layiqincə təmsil etmişdir. Yaxın dost, layiqli yoldaş Fərhad Xəlilzadə onu tanıyanların yaddaşında həmişə yaşayacaq.

Allah rəhmət eləsin!


29 Dekabr 2019

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ FİZİKA İNSTİTUTU VƏ BDU-NUN BİRGƏ SEMİNARLARI

Dekabrın 20-də AMEA-nın Fizika İnstitutu və BDU-nun Fizika Problemləri İnstitutunun birgə seminarı keçirildi. Seminarda Osaka Prefekturası Universitetinin magistri Riyota Kitano (Yaponiya) və Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun tədqiqatçısı, dissertant Elvin Əlizadənin təqdimatları dinlənildi və müzakirə edildi. Təqdimatlar "Bulk electron structures of InSe and InTe monocrystals" mövzusunda aparılan birgə tədqiqatların nəticələrinə həsr olunmuşdur. Seminar iştirakçıları tərəfindən təqdim olunan nəticələr böyük maraqla dinlənilmişdir. Mövzu ətrafında müzakirələr aparılmış və bütün suallar cavablandırılmışdır. Daha sonra, AMEA-nın Fizika İnstitutunun direktoru akademik Nazim Məmmədov və BDU-nun rektoru Elçin Babayev çıxış edərək təqdimatları dəyərləndirərək, alınan nəticələrin aktuallığından bəhs etmişlər. BDU-nun rektoru gəncləri elmi-tədqiqat işlərində daha fəal iştirak etməyə çağırmışdır. O, həmçinin AMEA-nın Fizika İnstitutu ilə BDU-nun Fizika Problemləri İnstitutu arasında belə bir əməkdaşlığın mövcudluğunu qeyd etdi və bu əməkdaşlığın inkişaf etdirilməsinin arzuladığını söylədi.


18 Sentyabr 2019

FRANSALI ALİMLƏR FİZİKA İNSTİTUTUNDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİBLƏR

17 sentyabr 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Fransanın Monpelye Universitetinin alimlərinin - Pr.Dr. Hab. Francois Henn və Dr. Adrien Noury - iştirakı ilə elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Rasim Cabbarov açmışdır. Qonaqları təqdim edərkən o, AMEA ilə Monpelye Universiteti arasında bağlanan əməkdaşlıq müqaviləsinin vacibliyini vurğulamış, fransalı alimlərin Monpelye Universitetində aparılan elmi tədqiqat işləri haqqında tədbir iştirakçılarına məlumat verəcəklərinin qeyd etmişdir. Həmçinin nəzərə çatdırılmışdır ki, əvvəlcədən verilmiş elana əsasən, Monpelye Universitetində fəlsəfə doktorluğu üzrə təhsil almaq üçün müraciət edən namizədlər arasında fransalı alimlərin iştirakı ilə seçimlər aparılacaq.

Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov AMEA ilə yanaşı, Bakı Dövlət Universiteti və digər təhsil müəssisələri ilə də əməkdaşlıq əlaqələrinin genişləndirilməsini təklif etmiş. O, elm və təhsilin inteqrasiyasının vacibliyini vurğulayaraq, əsas məqsədin gənc nəsli də elmə cəlb etməklə, onların xarici ölkələrdə elmi dünyagörüşləri və təcrübələrinin genişləndirilməsi, bununla da Azərbaycanın elmi potensialının artırılmasının təmin edilməsini qeyd etmişdir. Seminardan sonra qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda mövcud olan müasir maddi-texniki baza ilə tanış olmuş, AMEA Fizika İnstitutunun alimləri burada aparılan tədqiqat işləri ilə tanış olmuşlar.

13 May 2019

MAGİSTRLƏR DİSSERTASİYA İŞLƏRİNİ MÜDAFİƏ EDƏCƏKLƏR
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika Riyaziyyat və Texnika Elmlər Bölməsinin magistrlərinin dissertasiya işlərinin müdafiəsi olacaq. İyunun 11-i “Nəzəri və riyazi fizika”, “Yarımkeçiricilər fizikası” (3 nəfər Fizika İnstitutu), iyunun 12-si “Radiasiya materialşünaslığı”, “Astrofızika” (2 nəfər Radiasiya Problemləri İnstitutu, 2 nəfər Şamaxı Astrofizika Rəsədxanası) ixtisasları üzrə təhsil alan magistrlər müdafiə edəcəklər. İyunun 13-ü isə “Kvant elektronikası”, “Bioloji sistemlər fizikası”, “Yüksək enerjilər fizikası”, “Bərk cisimlər fizikası” (4 nəfər Fizika İnstitutu, 1 nəfər Biofizika İnstitutu) ixtisasları üzrə magistrlik dissertasiyalarının müdafiəsi keçiriləcək.
Dissertasiya işlərinin müdafiəsi saat 09:30-da başlayacaq.
2017/2018-ci tədris ilində qəbul olunmuş magistrlik dissertasiyalarının müdafiəsi üçün AMEA Prezidentinin sərəncamına uyğun olaraq ixtisaslaşdırılmış Müdafiə Şuraları təşkil olunub.


03 May 2019

AMEA-nın illik Ümumi Yığıncağında AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun məruzəsində Fizika İnstitutu haqqında


Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi Yığıncağında AMEA-nın müxbir üzvü Əminağa Sadıqov “Azərbaycan Mİllİ Elmlər Akademiyasının elmi bazalarda bibliometrik göstəricilərinin müqayisəli təhlili” haqqında məruzə ilə çıxış edib. Məruzəyə əsasən, AMEA Fizika İnstitutu 2018-ci ildə Web of Science bazasına ən çox elmi əsərləri daxil olan, “H” indeksinə görə, ümumi istinadların sayına görə ilk 10 institut arasında birincidir:

04 Aprel 2019

FİZİKA İNSTİTUTU BÖYÜK ELMİ İŞÇİ VƏZİFƏLƏRİNİ TUTMAQ ÜÇÜN MÜSABİQƏ ELAN EDİR

Fizika İnstitutunda elan olunmuş vakant 8 ştat böyük elmi işçi vəzifələrini tutmaq üçün 15 may 2019-cu ildə İnstitutun Elmi Şurasının iclasında müsabiqə keçirilsin. Sənədlər 03.04.2019-cu il tarixdən 03.05.2019-cu ilədək müddətində qəbul olunur. Sənədlər AMEA-nın Fizika İnstitutunun (Bakı, Az - 1143, H. Cavid 131, tel.: 39-74-23) elmi katibinin iş otağında (216 saylı otaqda) aparıcı mühəndis Zərifə Mahmudova tərəfindən qəbul ediləcək, əlaqə telefonu - 5397423, elektron poçt - zarifams@gmail.com
Ərizə forması aşağıda verilmişdir: statement.docx


30 Avqust 2019

ÇİN ELMLƏR AKADEMİYASININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ AKADEMİK H.M. ABDULLAYEV ADINA FİZİKA İNSTİTUTUNUN FƏALİYYƏTİ İLƏ TANIŞ OLUB
Çin Elmlər Akademiyasının (ÇEA) Azərbaycana səfəri çərçivəsində ÇEA-nın Fizika İnstitutunun Məsləhət Şurasının sədri, akademik Enge Vanq başda olmaqla, direktor müavini, professor Ya Ven, Fizika və Kimya üzrə Sincan Texniki İnstitutunun direktor müavini, professor Hacı Əkbər Aişa və digərlərindən ibarət nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.M. Abdullayev adına Fizika İnstitutunda qonaq olmuşlar. Akademik Enge Vanq qeyd etmişdir ki, bu səfərin məqsədi Fizika İnstitutunun yaradıcılığı ilə tanışlıq və birgə əməkdaşlıq perspektivlərinə dair müzakirələrdir. AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Nazim Məmmədov nümayəndə heyətinə rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri, burada əldə olunan mühüm elmi nəticələr, həmçinin müasir cihaz və avadanlıqların işləmə funksiyaları barədə məlumat vermişdir.
Qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda aparılan tədqiqat işləri, xüsusilə müasir qurğular və maddi texniki baza ilə tanış olmuş, həyata keçirilən tədbirləri, burada yaradılan innovativ mühiti yüksək qiymətləndirmişlər. Görüşdə AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, institutun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Ayaz Bayramov və laboratoriya rəhbəri, fizika üzrə elmlər doktoru Elçin Cəfərov da iştirak etmişlər.


25 Dekabr 2019

YAPONİYANIN OSAKA PREFEKTURASININ ALİ MÜHƏNDİSLİK MƏKTƏBİNİN FİZİKA VƏ ELEKTRONİKA FAKÜLTƏSİNİN MAGİSTRANTI RİYOTA KİTANO FİZİKA İNSTİTUTUNDA EZAMİYYƏTDƏDİR

2 dekabr 2019-cu ildə Fizika İnstitutunda institutun direktoru akademik N.T. Məmmədovun iştirakı ilə seminar keçirildi. Seminarda aparıcı elmi işçi Baxşı Mehdiyev, elmi işçilər Elvin Əlizadə, Dünyamalı Məmmədov və Bakı Dövlət Universitetinin nəznində olan Fizika Problemləri İnstitutunun direktoru, f.e.d. Sədiyar Rəhimov iştirak ediblər. Seminar zamanı BDU-nun Fizika Problemləri Elmi Tədqiqat İnstitutunda ezamiyyətdə olan Yaponiyanın Osaka Universitetinin Ali Mühəndislik Məktəbinin Fizika və Elektronika fakültəsinin magistrantı Riyota Kitanonun iş planı müzakirə edildi.

Təsdiq edilmiş plana əsasən, 30 noyabr - 25 dekabr tarixlərində Riyota Kitano bəzi materialların optik xassələrinin öyrənilməsi və onların zona quruluşlarının hesablanması ilə məşğul olacaqdır. Bütün eksperimental tədqiqatların Fizika İnstitutunun İnnovasiya sektorunun müasir elmi sistemlərində aparılması planlaşdırılır. Enerji quruluşlarının hesablanması ilə bağlı işlər BDU-nun Fizika Problemləri İnstitutunun əməkdaşları ilə AMEA-nın Fizika İnstitutunun əməkdaşları tərəfindən müştərək həyata keçiriləcəkdir.

18 Dekabr 2019

FİZİKA İNSTİTUTUNUN SEKTOR VƏ ŞÖBƏLƏRİNİN İLLİK HESABATI

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Elmi Şuranın sektor və şöbələrin 2019-cu il elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş hesabat iclası keçirilib. İclası giriş sözü ilə İnstitutun direktoru, akademik Nazim Məmmədov açıb. O, İnstitutun elmi potensialı, daxili və xarici əlaqələri, elmi mərkəzlərlə əməkdaşlığı və s. haqqında bəhs edib. Daha sonra sektor və şöbələrin rəhbərləri hesabatlarla çıxış ediblər.
Ümumi sektorun rəhbəri, fizika və riyyaziyyat elmləri doktoru, Hüsnü Əjdərovun hesabat məruzəsi dinlənilib. O, bildirib ki, sektorda 9 (doqquz) laboratoriya və 1 (bir) şöbə fəaliyyət göstərir. Sektorda 128 əməkdaş (3 akademik, 15 elmlər doktoru və 50 fəlsəfə doktoru) çalışır. Əməkdaşların 5 kitabı, 55 məqaləsi xarici və 51 məqaləsi yerli jurnallarda dərc olunub. Nəşr olunmuş məqalələrin təhlili 2019-cu ildə sektorun əməkdaşlarının elmi işlərinə 151 istinad olunduğunu göstərdi. İclas İnnovasiya sektorunun rəhbəri, fizika elmləri doktoru İlham Həsənovun hesabatı ilə davam edib. 17 laboratoriyadan ibarət sektorda il ərzində ölkədaxili 40, xaricdə isə 142 məqalə (onlardan “ATLAS” üzrə 63 məqalə) dərc olunub. Xaricdə dərc olunan məqalələrin 138-i impaktfaktorlu jurnalların payına düşür. Nəşr olunmuş məqalələrin statistik təhlili 2019-cu il ərzində sektor əməkdaşlarının elmi işlərinə 4029 istinad olunduğunu aşkar edib.
Fənlərarası sektorun rəhbəri, akademik Cavad Abdinovun hesabat məruzəsi. Fənlərarası sektorun elmi-təşkilati fəaliyyəti haqqında sektorun rəhbəri, akademik Cavad Abdinov hesabatla çıxış edib. O bildirdi ki, sektorda 9 (doqquz) laboratoriya fəaliyyət göstərir. C. Abdinov sektorda 5 (beş) tətbiqi tədqiqat aparıldığını da vurğulayıb. Hesabat ilində sektor əməkdaşlarının 142 məqaləsi dərc olunub. Xaricdə nəşr olunan 77 məqalədən 32-si impaktfaktorlu jurnalların payına düşür. Ölkədaxilində 37 məqalə dərc olunub. 2019-cu il ərzində sektor əməkdaşlarının elmi işlərinə 191 istinad olunub.
İnformasiya sektorunun rəhbəri, fizika və riyaziyyat elmləri doktoru Tələt Mehdiyevin hesabatı İnformasiya sektorunun elmi-təşkilati fəaliyyəti 2019-cu ildə də həmişə olduğu kimi bütün şöbələri əhatə etmiş və onun nəticələri direktor hesabatdında əks etdirilmişdir. Fizika İnstitutunun və AJP Fizika jurnalının saytının populyarlığını əks etdirən xəritə, patent haqqında məlumatlar, kitabxananın fəaliyyəti, Ensiklopediyanın tamamlanması işləri, Fizika İnstitutunda aparılan elmi-tədqiqat işlərinin həyata tədbiqi üzrə planlar təqdim olunmuşdur. 48 məqalə, AJP Fizika jurnalının 3 nömrəsi, hər biri 2 seriya (Az, En) olmaqla, və 1 kitab dərc olunub.
Təhsil şöbəsinin rəhbəri, professor Abasət İsayevin hesabatı. Təhsil şöbəsinin rəhbəri, professor Abasət İsayev bildirib ki, hesabat ili yaz və payız sessiyalarını əhatə edir. Hazırda Fizika İnstitutunda 22 magistr təhsil alır. Onlardan 6-sı II kurs, 16 nəfəri isə I kurs tələbələridir. O, 2018-2019 tədris ilində 8 magistrantın dissertasiya işlərini uğurla müdafiə edərək, magistr dərəcəsi aldıqlarını bildirib. Onlardan 7 nəfəri fərqlənmə diplomu ilə təhsilini başa vurub. Daha sonra İnformasiya sektorunun və digər şöbələrin hesabatları dinlənilib.


22 May 2019

RUSİYA ELMLƏR AKADEMİYASININ AKADEMİKİ A.M. SERGEYEV AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASINI ZİYARƏT EDİB

20-22 may 2019-cu il tarixləri arasında Rusiya Elmlər Akademiyasının (REA) akademiki A.M. Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdə olub. Mayın 21-də Rusiya Elmlər Akademiyasının nümayəndə heyəti və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya ilə Azərbaycan elmi təşkilatları arasında əməkdaşlıq məsələlərini, eləcə də Xəzəryanı ölkələrin beynəlxalq əməkdaşlıq mövzusunu müzakirə edib.

Rusiya Elmlər Akademiyasının prezidenti, akademik A.M. Sergeyev və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Ağamehti oğlu Əlizadə Rusiya Elmlər Akademiyasının və AMEA-nın elmi-texniki əməkdaşlığının əsas sahələrini müəyyənləşdirən saziş imzalayıblar. İmzalanmış sənəddə elm və texnologiyanın prioritet sahələrində məlumat və təcrübə mübadiləsi, yüksək ixtisaslı kadrların hazırlanması, birgə fəaliyyət kimi aktual məsələlər öz əksini tapıb. Rusiya Elmlər Akademiyası ilə Milli Elmlər Akademiyası imzalanmış elmi-texniki əməkdaşlıq sazişi çərçivəsində "Yol xəritəsi"-nin hazırlanmasına dair razılıq əldə edib.


Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə və Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev, Fizika İnstitutunun elmi-tədqiqat işləri, müasir avadanlıq və elmi- texniki cihazların bazası ilə tanış oldu. AMEA Fizika- Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, Fizika İnstitutunun fəaliyyətinin əsas istiqamətləri, innovasiya, mühüm elmi kəşflər və müasir avadanlıqlar barədə danışıb. Rusiya Elmlər Akademiyasının prezidenti AMEA Fizika İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib və Fizika İnstitutunun əməkdaşlarına gələcəkdə innovasiya sahəsində uğurlar arzuladı.


17 May 2019

FİZİKA İNSTİTUTUNUN DİREKTORU MÜKAFATA LAYİQ GÖRÜLÜB

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademiyasının аkademik üzvü seçilib. Həmçinin Nazim Məmmədov Türk Dünyası elminin tərəqqəsində göstərdiyi yüksək xidmətlərinə görə həmin Akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalı ilə də təltif olunub.